tiktok-ve-twitter-birlese-biler

“TikTok” və “Twitter” birləşə bilər

ABŞ-ın “Twitter” mikrobloqlar servisi və Çinin “TikTok” sosial şəbəkəsi arasında mümkün birləşmə haqqında danışıqlar aparılır. Bu barədə “The Wall Street Journal” nəşrinin məlumatında deyilir.

İnsider.az xəbər verir ki, məlumata görə, “Twitter” servisi “TikTok”un dəyəri on milyardlarla dollar təşkil edən ABŞ seqmentinin alışında maraqlıdır. Bu, sövdələşmənin mümkünlüyünü şübhə altına alır, çünki “Twitter”in kapitallaşma dəyəri təxminən 29 milyard dollar təşkil edir. Bununla yanaşı, “TikTok”u satın almağa iddialı olan digər namizəd – “Microsoft” korporasiyasının kapitallaşması 1,6 trilyon dollardan çoxdur.

Avqustun əvvəlində ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, “Microsoft” və ya digər ABŞ şirkəti sentyabrın 15-dək “TikTok”u satın almalıdır, əks halda, Çin sosial şəbəkəsinin ölkə ərazisində fəaliyyəti qadağan ediləcək.

KİV-in məlumatına görə, “Microsoft” sosial şəbəkə üçün 30 milyard dollar təklif etməyə hazırdır, lakin “TikTok”un sahibi qismində çıxış edən Çinin “ByteDance” şirkəti onu 50 milyard dollar dəyərində qiymətləndirir.

“ICTnews”