Yaponiyanın "Toyota" şirkəti 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları zamanı xidməti heyətin işinə kömək edəcək robotlar seriyasını təqdim edib. Qurğular Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat komitəsi tərəfindən yaradılan "Tokio 2020" robot texnikası layihəsi çərçivəsində nümayiş olunub. Layihə Yaponiya və paytaxt hökumətini, eləcə də robot texnikası sahəsində ekspertlərlə birgə olimpiadanın tərəfdaşlarını birləşdirir.
Insider.az xəbər verir ki, ilk model sırasına iki robot talisman – ağ göy "Miraitowa" və ağ-çəhrayı "Someity" daxildir. Talismanların işi rəsmi tədbirlərdə idmançı və qonaqları salamlamaqdan ibarət olacaq. Onlar insanları başlarında quraşdırılan kamera vasitəsilə tanıya, cavab verə və əl sıxmaq üçün əllərini qaldıra biləcəklər.
"T-HR3" insanabənzər robotu insanlarla təmas quracaq, eləcə də tədbirlərdən qonaqlara təsvirlər və səslər ötürəcək.
Böyük ekranlı kamera ilə təchiz edilən "T-TR1" robotu isə fiziki baxımdan oyunlarda iştirak edə bilməyən insanlara virtual iştirak imkanı təqdim edəcək.
"HSR" (Human Support Robot) dəstək robotu tamaşaçıları yerlərinədək müşayiət edəcək. Yüngül atletika tədbirlərində belə robotlar hərəkət üçün yardıma ehtiyacı olan mindən çox tamaşaçıya xidmət göstərəcəklər.
"DSR" (Delivery Support Robot) robotu tamaşaçılar xüsusi planşet vasitəsilə ərzaqlar sifariş edən zaman onlara içkilər və digər məhsullar çatdıracaq.