total-dunyanin-en-guclu-kvant-komputer-simulyatorunu-tetbiq-edib

“Total” dünyanın ən güclü kvant kompüter simulyatorunu tətbiq edib

Bu yaxınlarda dünyanın ən güclü superkompüterini istifadəyə verən Fransanın “Total” şirkəti daha bir əlamətdar texnologiyanı tətbiq edib. Belə ki, neft-qaz nəhəngi dünyanın ən məhsuldar “Atos Quantum Learning Machine” kommersiya kvant kompüteri simulyatorundan istifadəyə başlayır.

İnsider.az yazır ki, aparat platforması və universal proqramlaşdırma dilinin daxil olduğu həll tədqiqatçı və mühəndislərə kvant kompüter proqram təminatı hazırlamağa və onlarla bağlı təcrübələr aparmağa imkan verir.

“Atos Quantum Learning Machine” ikirəqəmli dəqiqliyə malik kvant proqramın düzgün yerinə yetirilməsinin hesablanması üçün kvant texnologiyalarının əsasını təşkil edən fizika qanunlarını modelləşdirir.

“Total” şirkətinin kvant modelləşdirilməsi molekulyar kimya və materiallar kimyası, enerji şəbəkələrinin optimallaşdırılması, avtomobil parkları və sənaye cihazları kimi sahələrdə tətbiq ediləcək. Gələcəkdə kvant kompüter simulyatorundan hidromexanika və seysmik sistemlərdə istifadə planlaşdırılır.

Qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə, kubitlərdən istifadə edir.
Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daim azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.

Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.