toyota-elektromobili-olimpiada-istirakcilarina-xidmet-gosterecek

“Toyota” elektromobili olimpiada iştirakçılarına xidmət göstərəcək

2020-ci ildə Yay Olimpiya və Paralimpiya oyunları dünyanın texnoloji baxımdan ən inkişaf etmiş ölkəsi – Yaponiyada keçiriləcək. "Toyota" şirkəti idman tədbirinin keçirilməsi münasibətilə olimpiadanı müşayiət etmək üçün "Accesible People Mover" (APM) adlı futuristik dizayna malik sərnişindaşıma elektromobilinin xüsusi versiyasını yaradıb.

İnsider.az xəbər verir ki, avtomobilin vəzifəsi olimpiada iştirakçıları, işçi heyəti, tədbir təşkilatçıları, ahıl qonaqlar, hamilə qadınlar, azyaşlı uşaqları olan ailələr və fiziki imkanları məhdud insanların idman oyunlarının keçirildiyi yerlərə çatdırılması olacaq. Bundan başqa, "APM" avtomobil parkının bir hissəsi tibbi yardımın göstərilməsi üçün ayrılacaq.

Bildirilir ki, "APM" aşağı sürətlə hərəkət edən kiçik məsafələrə altı nəfərin daşınması üçün nəzərdə tutulan elektromobildir. Sürücü və sərnişinlər üçün iki və üçnəfərlik oturacaqlar quraşdırılıb. Sürücü oturacağı daha yaxşı görmək və sərnişinlərlə ünsiyyət imkanı üçün mərkəzdə yerləşir.

Əlil arabalarında insanların daşınması üçün ikinci sırada olan oturacağı yığmaq mümkündür. Elektromobilin eni xərəklərin və iki müşayiətedici şəxsin yerləşdirilməsi üçün yetərlidir. Sərnişin oturacaqları tərəfdən avtomobil xüsusi plankalarla bağlanır. "APM" elektromobili fiziki imkanları məhdud insanların düşməsini asanlaşdıran anker plastin və panduslarla təchiz edilib.

İstehsalçının planlarına 200 ədəd "Accesible People Mover" elektromobilinin buraxılışı daxildir.