ABŞ prezidenti Donald Tramp ən azı iki dəfə ölkə üzərinə gələn qasırğalara qarşı nüvə bombalarını istifadə etmək təklifini irəli sürüb. İnsider.az bunu “Axios” mənbəsinə istinadla xəbər verir.
Prezidentin bu replikaları milli təhlükəsizlik üzrə brifinqlərdə səslənib.
“Mən anladım, anladım. Nəyə görə də onları bombalamayaq? (...) Onlar Afrika sahilində əmələ gəlməyə başlayanda və daha sonra Atlantika üzərindən hərəkət edən zaman biz qasırğa mərkəzinə nüvə bombası endiririk və bu onu məhv edir. Nəyə görə biz bunu edə bilmərik?” – müzakirə iştirakçılarından biri Trampdan sitat gətirir. Onun sözlərinə görə, brifinqdə iştirak edənlər ABŞ liderinin təklifindən heyrətə gəliblər.
Ağ evdə “Axios”-un bu məlumatı şərh etmək xahişinə prezidentin özəl danışıqlarının müzakirəsini rədd edərək cavab veriblər. Məqalənin müəllifləri qeyd ediblər ki, nüvə bombaları vasitəsilə qasırğaların məhvi ideyası uzun illərdir ki, mövcuddur – bu ideyanı hələ 50-ci illərdə irəli sürürdülər. Alimlər hesab edir ki, nüvə bombası nəinki qasırğaya ziyan vurar, hətta havanı radioaktiv tullantılarla çirkləndirər.
Samirə Məmmədova