ABŞ prezidenti Donald Tramp Biarritzdə keçirilən sammitdə Rusiyanın G7-yə geri dönməsinə təkid edərək və bu təşəbbüsə qarşı çıxan “Böyük yeddilik”-dən olan həmkarlarının arqumentlərini rədd edərək onlarla mübahisə edib.
İnsider.az-ın məlumatına görə, bunu öz diplomatik mənbələrinə istinadla “The Guardian” resursu xəbər verir.
Mübahisə şənbə günü axşam Biarritz mayakının yaxınlığında təşkil edilmiş şam yeməyi zamanı baş verib. Mənbələrin sözlərinə görə, masa arxasında olan “Böyük yeddiliyin” liderlərindən Trampa öz dəstəyini ancaq istefaya getməyə hazırlaşan İtaliyanın baş naziri Cuzeppe Konte bildirib.
Yaponiyanın baş naziri Sindzo Abe bu məsələyə dair neytrallığını qoruyub. Digərləri – Böyük Britaniya baş naziri Boris Conson, AFR kansleri Angela Merkel, Kanada baş naziri Castin Trüdo, Fransa prezidenti Emmanüel Makron və Avropa Şurasının rəhbəri Donald Tusk – qəti şəkildə Rusiyanın geri dönüşünə qarşı çıxıblar.
Amerikalı lider İran, Suriya və Şimali Koreya kimi məsələlərin müzakirəsi üçün Rusiyanın iştirakının zəruri olduğunu israrla bildirib. Lakin həmkarları Rusiyanın “liberal demokratiyalar klubuna uyğunsuzluğunu” arqument gətirərək bu fikrə qarşı çıxıblar.
“Guardian”-ın məlumatına görə, şam yeməyindən sonra qrup şəklində G7 liderlərinin ümumi foto mərasimi baş tutmalı idi, lakin mərasim gözlənilmədən ləğv edilib. Bu cür qərarın isə səbəbi açıqlanmayıb. Ancaq mərasim daha sonra daha geniş formada – Hindistan, Avstraliya, İspaniya, Cənubi Afrika və digər Afrika ölkələrinin dəvət olunmuş liderlərinin iştirakı ilə baş tutub.
Qeyd edək ki, Rusiya G7 sammitlərində (daha öncə G8 formatı mövcud idi) 2014-cü ildən iştirak etmir. Onun sammitlərə dəvət olunmamasına Krımın Rusiya tərkibinə daxil olması səbəb olmuşdu.
Samirə Məmmədova