tug-dovlet-tarix-memarliq-ve-tebiet-qorugu-yaradilir-serencam

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradılır - SƏRƏNCAM

Prezident İlham Əliyev “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb. 

Sərəncam Xocavənd rayonu Tuğ kəndinin tarixi əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin kompleks şəkildə qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədilə imzalanıb. 

Sənədə əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisi “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu elan edilir.

Nazirlər Kabineti iki ay müddətində qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etməli, qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Qeyd edək ki, Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir. Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlər vardır. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır.