“Əminəm ki, həm iqtisadi, həm də mənəvi baxımdan Azərbaycanla əlaqələrimizi daha da yüksəldəcəyik”.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Iğdırdan yeni seçilən azərbaycanəsilli millət vəkili Cantürk Alagöz bildirib.
O, Türkiyə parlamentinə ilk dəfədir millət vəkili seçildiyini bildirib:
“Türkiyədə xalqın milli iradəsi və demokratiya bir daha qələbə çalıb. Hesab edirəm ki, mayın 28-də keçiriləcək prezident seçkilərində ikiqat bayram edəcəyik. İnanıram ki, Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə prezident seçilməsini və Azərbaycanın Müstəqillik Gününü sevinclə qeyd edəcəyik”.
Cantürk Alagöz millət vəkili seçildiyi ərazinin insanlarının problemlərinin aradan qaldırılması üçün səy göstərəcəyini vurğulayıb:
“Iğdırda əmək qabiliyyətli işsiz qalmaq istəməyən hər kəsin iş təminatı üçün çalışacağam. Azərbaycanla əlaqələr yüksək səviyyədədir və bunun daha da zirvələrə yüksəlməsi üçün bacardığım dəstəyi göstərəcəyəm”.
Qeyd edək ki, 1969-cu ildə anadan olan Cantürk Alagöz Hacettepe Universitetinin kimya mühəndisliyi fakültəsini bitirib. 1973-cü ildən bəri Türkiyənin peyvənd ehtiyacını qarşılayan “Keymen İlaç” şirkətini 2016-cı ildə satın alıb. “Keymen İlaç” COVID-19 pandemiyası ilə mübarizədə ilk dəfə “Sinovac” peyvəndini Türkiyəyə gətirib.
8 şirkəti “Alagöz Holdinq” çətiri altında birləşdirən Cantürk Alagöz bir çox sosial məsuliyyətli, o cümlədən Türkiyədə idmanla bağlı layihələrə imza atıb. 2021-ci ildən “Iğdırspor”un prezidentidir. Evlidir, iki övladı var.
Report