ucan-taksi-lere-4-milyarddan-artiq-pul-yatirilib

“Uçan taksi”lərə 4 milyarddan artıq pul yatırılıb

Son 5 ildə xərclənən vəsait isə 10 milyard dolları keçib....

Gələcəyin texnologiyalarına artan maraq bu sahəni investorlar üçün ən cəzbedici bizneslərdən birinə çevirib.

Təkcə bu ilin 8 ayında elektrikli hava taksi modelləri təqdim edən startaplar investorlardan rekord məbləğdə - 4,3 milyard dollar vəsait cəlb ediblər.

Ötən 5 il ərzində isə hava nəqliyyatı texnologiyalarına, xüsusən də dronlara əksər mənbələr hesabına investisiyaların həcmi 83% artaraq, 10,4 milyard dollara çatıb. Bu rəqəmə hələ iri şirkətlərin özəl investisiya kanalları vasitəsilə yatırdığı məbləğlər daxil deyil...

Doğrudur, hazırda bu sahədə ən uğurlu startaplar olanLilium, Archer Aviation, Joby Aviation, Vertical Aerospace və başqaları sərnişin daşıya bilən tam işlək hava taksisi modeli təqdim etməsələr də, investorların bu şirkətlərə marağı qətiyyən azalmayıb.

Əsas çətinliklərdən biri aviasiya təhlükəsizliyi üzrə tənzimləyici qurumlar tərəfindən sertifikasiya və icazələrin verilməsidir. Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi kommersiya məqsədli hava taksilərinin 2024-2025-ci illərdə fəaliyyətə başlaya biləcəyini bildirir. Sinqapur isə Almaniya startapı Volocopter ilə birlikdə artıq 2023-cü ildən dünyanın ilk kommersiya məqsədli elektrikli hava taksisini istifadəyə verəcəyinə söz verib.

Marja