İsveçin avtomobil texnologiyaları ilə məşğul olan “Veoneer” şirkəti və ABŞ-ın “Qualcomm” mikrosxemlər istehsalçısı arasında təkmilləşdirilmiş sürücü yardım sistemləri (ADAS) üçün aparat və proqram təminatının hazırlanmasını nəzərdə tutan əməkdaşlıq haqqında saziş imzalanıb.
İnsider.az xəbər verir ki, tərəfdaşlar tərəfindən səylərin birləşdirilməsi haqqında planlar ilk dəfə ötən ilin avqustunda açıqlanıb. Birgə yaradılan platformanın “Intel Mobileye” kimi şirkətlərin məhsulları ilə rəqabət aparacağı gözlənilir.
Radar və texniki görmə sistemləri istehsal edən “Veoneer” şirkəti “Arriver” adlı xüsusi bölmə yaradıb. Onun vəzifəsi ətraf mühit və hərəkət idarəetməsinin qavrayışı üçün proqram təminatının hazırlanmasıdır.
“Qualcomm Technologies” ilə bugünkü saziş və “Arriver” bölməsinin yaradılması “Veoneer” şirkətinin inkişafında əsas mərhələlərdəndir”, – “Veoneer” baş direktoru Yan Karlsonun bəyanatında qeyd olunub.
“Veoneer” nümayəndələrinin sözlərinə görə, hazırda “Arriver” proqram təminatı yaxın aylar ərzində avtomobil sahəsinin müştərilərinin sərəncamına veriləcək “Qualcomm Snapdragon Ride Platform” platformasında işləyir. Əməkdaşlığın ilk faydası, o cümlədən ilkin spesifikasiyalar və platforma imkanları bir sıra tanınmış avtomobil istehsalçılarına təqdim edildikdən sonra müsbət rəylər alınıb.
ICTnews