wi-fi-7-standartinin-xususiyyet-ve-suret-imkanlari-aciqlanib

“Wi-Fi 7” standartının xüsusiyyət və sürət imkanları açıqlanıb

Smartfon və noutbuk istehsalçılarının ötən ilin oktyabrında nümayiş olunan “Wi-Fi 6” simsiz şəbəkə standartının tətbiqinə yenicə başlamasına baxmayaraq “Qualcomm” şirkəti artıq standartın yeddinci nəsli üzərində aktiv iş aparır.

İnsider.az “4PDA” resursuna istinadən yazır ki, “Wi-Fi Alliance” təşkilatı 2018-ci ilin sonunda “802.11ax” (Wi-Fi 6) tipli konstruksiyalardan istifadədən imtina edərək onları daha başa düşülən tək rəqəmlərlə əvəzləmək qərarına gəlib. “Wi-Fi 6”-dan yüksək sıxlığa malik şəbəkələrdə daha yaxşı işləmə ilə yanaşı, bu standartın maksimum məlumat ötürmə sürəti 11 Qbit/saniyə təşkil edir.

Məlumata görə, “802.11be” standartına malik olacaq “Wi-Fi 7” şəbəkəsinin pik sürəti 30 Qbit/saniyəyə çatacaq. “Qualcomm” şirkəti nümayəndələrinin sözlərinə görə, yeni texnologiya 2024-cü ildə kütləvi tətbiq üçün hazır olacaq.

Hazırda “Wi-Fi 7” şəbəkəsinin məlum olan əsas üstünlükləri kimi tezlik diapazonunun mövcud 2,4 və 5 giqahersdən 6 giqahersədək genişləndirilməsi, “CMU-MIMO” texnologiyası ilə eyni anda qoşulan qurğuların sayının çoxaldılması, maksimal buraxılış qabiliyyətinin 30 Qbit/saniyəyədək artırılması, amplituda modulyasiyasının 1024-dən (Wi-Fi 6-da) 4096-dək artırılması qeyd olunur ki, bu da radiosiqnalı daha informativ etməyə imkan verəcək.

“Wi-Fi 7” standartının təbiqi üçün illər tələb olunsa da, mütəxəssislərin əsas ehtiyat etdiyi məsələ elektronika istehsalçılarının yeni standartla ayaqlaşa bilməməsidir. Çünki “Wi-Fi 7” marşrutlayıcıların mövcudluğu yeni standartın üstünlüklərini əldə etmək üçün əsas şərt olmayacaq. İstifadəçilərin “Wi-Fi 7” ilə uyğunluq təşkil edən qurğularda çatışmazlıqla üzləşməməsi böyük əhəmiyyət kəsb edir.

© ICTnews