xeyirxahliq-humanistlik-mehriban-xanim-eliyevanin-heyat-amalidir

Xeyirxahlıq, humanistlik Mehriban xanım Əliyevanın həyat amalıdır

AR Milli Məclisin deputatı Əliabbas Salahzadə

     Bu gün qalib Azərbaycanın uğurlarından bəhs edirik. Bu fikri də  böyük inamla və fəxrlə qeyd edirik ki, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Ölkəmizin timsalında bu reallıq öz təsdiqini tapır ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla baxan xalq bütün sınaqlardan şərəflə çıxır və inkişaf yolunda inamla addımlayır.

   Azərbaycanın dünyaya səs salan davamlı uğurlarında böyük xidmətləri olan  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəinki ölkə, dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Xeyirxahlığı, humanizmi,  vətəndaşlıq təəssübkeşliyini fəaliyyətinin əsas prinsipləri kimi qəbul edən Mehriban xanım Əliyevanın  Heydər Əliyev Fondunun prezidenti kimi gördüyü işlərin xronologiyasına diqqət yetirsək görərik ki,  qurum  yalnız Heydər Əliyev irsinin təbliği ilə məşğul olmur, ölkəmizin hərtərəfli inkişafına dəstək olmaq üçün biri-birindən mühüm layihələrin icrasına xüsusi diqqət göstərir. Azərbaycanın tarixinin, milli-mənəvi dəyərlərinin, mədəniyyətinin inkişafı və təbliği istiqamətində Fondun atdığı addımların miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə dini və tarixi abidələrimizin bərpası da milli irsimizin qorunmasına verilən önəmdən irəli gəlir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 28 ildən  sonra  Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada “Xarıbülbül” musiqi festivalı keçirildi və bu ənənə yenidən bərpa edildi. Dövlət başçısı, Müzəzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfərləri tarixi hadisə kimi dəyərləndirilir. Mehriban xanım Əliyevanın bu səfərlərdən paylaşımları harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını daha da qürurlandırır.

     Mehriban xanım Əliyevanın fəaliyyətinin çoxşaxəliliyi  gördüyü işlərin miqyasının ölçüyəgəlməzliyi ilə müşaiyət olunur. Onların hamısını bir yazıda əhatə etmək qeyri-mümkündür.

       Mehriban xanım Əliyevanın 2017-ci ildə Prezident İlham Əliyevin  Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi də zəngin fəaliyyətinin və  təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi  dəyərləndirilir. Beş ildən artıq dövrdə Azərbaycanın Birinci vitse-prezidenti kimi gödüyü işlərin miqyası  olduqca genişdir. Sosial məsələlərin həllini daim diqqətdə saxlayan Mehriban xanım Əliyeva mühüm təşəbbüsləri, addımları ilə bu sahəyə öz dəstəyini göstərir. Onun   fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin problemlərinin həlli xüsusi yer tutur.  Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrinə həsr etmişdi. Dövlət başçısı İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qaçqın və məcburi köçkünlərlə görüşləri zamanı bu məqamı xüsusi qeyd edirdilər ki, onlar üçün yaradılan şərait müvəqqəti xarakter daşıyır, tezliklə öz dogma-yurd-yuvalarına qayıdacaq, bu torpaqlarda yeni həyat başlayacaq. Bu gün soydaşlarımız həmin sevinci yaşayırlar. İşğaldan azad edilmiş ərazilərimizdə müasir tələblər səviyyəsində görülən işlərin əsasında soydaşlarımızın yüksək yaşayışının təmin edilməsi dayanır.  

    Mehriban xanım Əliyeva 44 günlük İkinci Qarabağ müharibəsi başlandığı andan paylaşımlarında Qələbəmizə böyük inam əsasında belə bir  arzu və istəyini ifadə edirdi: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” Artıq bu arzu reallığa çevrilib. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız dövlətimizin qətiyyəti, Ordumuzun gücü, xalqımızın birliyi sayəsində  tarixi sahibinə qovuşub. Tezliklə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan dayanıqlı inkişafı ilə dünyanın diqqətində olacaq.

     Mehriban xanım Əliyevanın ayrı-ayrı sahələri üzrə gördüyü işlər hər zaman ölkəmizdə  və  beynəlxalq səviyyədə  yüksək dəyərləndirilir, orden və medallarla təltif olunur. Bu təltifləri sırasında  xalqın sevgisi  öndə dayanır. Bu,  ən böyük mükafatıdır. Hər zaman ictimaiyyət arasında olan Mehriban xanım Əliyevanın yaratdığı səmimi ünsiyyət bu sevgini sonsuz edir.  Mehriban xanım Əliyeva  Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdimatında bu prinsipləri xüsusi  diqqətə çatdırmışdır: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.” Xalqımız hər zaman bu əminliyi ifadə edir ki,  dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Azərbaycan bundan sonra da  möhtəşəm uğurlara imza atacaq, zirvələri fəth edəcək.