“Xiaomi” şirkəti öz brendi altında elektrik avtomobillərin hazırlanması haqqında məlumatları rəsmən təsdiq edib. Növbəti on il ərzində Çinin texnoloji nəhəngi elektromobillərin istehsalı üzrə biznesə 10 milyard dollar qoymağa hazırlaşır. Bu barədə “Xiaomi” şirkətinin təsisçisi və baş direktoru Ley Tszyun bəyan edib.
Yeni törəmə struktura baş direktor rəhbərlik edəcək. Layihəyə ilkin investisiyaların həcmi 10 milyard yuan (1,5 milyard dollar) təşkil edəcək.
“Mən avtomobil sənayesi ilə bağlı riskləri tam başa düşürəm. Mən, həmçinin layihənin 3-5 il və 10 milyardlarla investisiya tələb edəcəyini anlayıram. Bu, mənim karyeramda sonuncu startap olacaq”, – L.Tszyun Pekində konfransda çıxışı zamanı bildirib.
“Xiaomi” şirkətinin “ağıllı” avtomobillərin istehsalı ilə məşğul olmaq planları barədə KİV ötən həftə məlumat verib. Elektromobillərin “Great Wall” zavodlarının birində buraxılacağı ehtimal edilsə də, Çin avtomobil konserninin nümayəndələri bu informasiyanı təkzib ediblər.
Çinin elektronika istehsalçısının brendi altında ilk elektromobil modelinin 2023-cü ildə buraxılacağı gözlənilir.
ICTnews