Çinin iri smartfon istehsalçısı Xiaomi cari ilin iyun ayında qlobal satışlarını 26% artırıb.
Bununla da iyunda satılan smartfonların qlobal bölgüsündə 17% Çin şirkətinin payına düşüb. Həmin göstərici ilə aylıq nəticələrdə Xiaomi əsas rəqibləri - Samsung və Apple-ı da geridə qoyub.
Müqayisə üçün bildirək ki, dünya miqyasında iyun ayında satılan ağıllı telefonların 15,7%-i Cənubi Koreya nəhəngi Samsung-a, 14,2%-i isə Amerikan şirkəti Apple-a məxsus olub. Buna əsas səbəb Vyetnamda koronavirus infeksiyasının sürətlə yayılmasına görə Samsung-un bu ölkədəki istehsalatı müvəqqəti dayandırması və daha az smartfon təchiz etməsidir.
Cari ilin ikinci rübünün ümumi nəticələrinə görə isə Xiaomi Samsung-dan sonra satışlarda dünya ikincisidir. Bununla belə, Avropada bazarın ən böyük hissəsi - 25%-i Xiaominin payına düşüb. Şirkət ən sürətlə inkişaf edən bazarlardan olan Hindistanda da liderdir.
Bu il Xiaomi preimium məhsul seqmentində əsas silahını – 928 dollara təklif olunan Mi11 Ultra smartfonunu bazara təqdim edib. Samsung yeni smartfonlarını gələn həftə, Apple isə sentyabrda təqdim edəcək.