xxi-esrin-piratlari-kime-sikayetlenmeli

XXI əsrin piratları – Kimə şikayətlənməli

Bildiyimiz kimi, hazırda internet məkanda bütün dünyada ən qlobal problemlərdən biri də internet-quldurluqdur. Bu sahədə dövlətin nailiyyətlərinə baxmayaraq, Azərbaycanda videokontentin qeyri-leqal yayılmasında artım müşahidə olunur.

Aparılan tədqiqatlar göstərir ki, Azərbaycanda internet-quldurluq bazarı 2017-ci ilin nəticələrinə əsasən, 2016-cı illə müqayisədə 21% artaraq 85 mln dollar təşkil edib. Məşhur axtarış sistemlərində film və  seriallara pulsuz baxmaq üçün azərbaycanlı istifadəçilərin verdiyi sorğularının sayı ötən il demək olar 10 milyard təşkil edib. Ekspertlər buna səbəb kimi, internet-quldurların texnologiya bazası yaratmaq üçün vəsait əsirgəmədiklərini gətirirlər.  

Aparılan araşdırmalar göstərdi ki, ötən il film və serialların istifadəçilərə sürətli çatdırılması, monetizasiya sxeminin sadələşdirilməsi, saytın qeyri-leqal videokontentlə avtomatik doldurulması üçün daha çox CDN  (Content Distribution Network, kontent çatdırma şəbəkəsi) texnologiya istifadə olunur.

Bu cür kontent çatdırma şəbəkələri isə bütün dünya üzrə ixtisaslaşmış proqram təminatlı xeyli serveri birləşdirir. İstifadəçinin sorğusunun ən yaxın CDN serverinə daxil olması hesabına isə yüklənmə minimum vaxtda həyata keçir.

Ekspertlərin fikrincə, CDN serverlər internet-qurdurların da işini asanlaşdırır. Belə ki, bu server onlara saytın səhifəsini ən qısa vaxtda yüksək keyfiyyətli müxtəlif planlı videokontentlə doldurmağa imkan verir.  Bir tərəfdən geniş kontent bazasına giriş, digər tərəfdən isə anlaşıqlı monetizasiya sxemi 10-15 dəqiqə ərzində quldur saytı yaratmağa imkan verir.  

Kim qazanır, kim itirir....

Server məkanının həcmi 5 Pbayt (300 min fayldan artıq) olan CDN servisin quldur infrastrukturunu dəstəkləməsi üçün aylıq aylıq olaraq 100 min dollar məbləğində vəsait tələb olunur. Quldur resursunun yaradılmasına isə 240 dollara yaxın vəsait sərf olunur. Quldurların 1000 baxışa görə orta gəliri 3 dollara müvafiqdir. Beləliklə, iri quldur saytlarının aylıq orta mənfəəti 10 min dollara çata bilər. 

“Park Cinema” kinoteatrlar şəbəkəsinin rəhbəri Elnur Allahverdiyev İnsider.az-a bildirdi ki, kontent oğurluğu ilk növbədə lisenziyalı kinoteatrlara maddi ziyan vurur.

Kinoteatr şəbəkələrimizdə nümayiş olunan filmlərin pirat versiyalarının yayılması təbii ki, bizim gəlirliyimizə mənfi təsir göstərir. Düzdür Azərbaycan kinoteatrlarından kontent oğurluğu mümkün deyil. Lakin quldur saytların nümayiş etdirdiyimiz filmləri başqa resurslardan əldə edib yayımlamağa kifayət qədər güclü texnologiyaları var. Ona görə də nümayiş etdirdiyimiz filmlər qısa zamanda pirat saytlarda və “private cinema”larda qısa zamanda yayımlanır ki, bu da bizim gəlirliyimizə mənfi təsir göstərir. Ziyan lisenziyalı kinoteatrlara dəyir. Lakin onlarla mübarizə aparan yoxdur. Şikayət ediləsi stuktur da bəlli deyil.

Qlobal kino industriyasında zəifləyən etibar...

“Cinema plus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə bildirib ki, internet-quldurluq 21-ci əsrin qlobal problemlərindən birinə çevrilib. 

“İlk növbədə qeyd edim ki, bizim kinoteatrlar şəbəkəsində güclü təhlükəsizlik sistemi olduğu üçün kontentin oğurlanması mümkün deyil. Belə ki, quldurluqla mübarizə aparmaq xüsusi departament yaratmışıq. Zallarımızda nəzarət kameraları quraşdırılıb, eləcə də hər 15-20 dəqiqədən bir isə nəzarətçilər zallara baxış keçirirlər.

Kontentin oğurlanmasına gəldikdə, ümumiyyətlə bütün dünya bununla mübarizə aparır. Müxtəlif dövlətlərin təsis etdiyi müvafiq qurumlarla yanaşı, mübarizəyə  “Sonny”, “Disney”, “Warner Brothers”, “Paramount Pictures”, “20th Century Fox”   kimi dünyaca tanınmış distribütorla da  qoşulublar.

Düzdür, bəzi ölkələr bu sahədə nailiyyət əldə ediblər. Məsələn, Türkiyə, Gürcüstan quldur saytların fəaliyyətinin qarşısını tam, Rusiya isə qismən  ala bildi. 
Belə ki, Türkiyə və Gürcüstan bu tip saytları öz ölkəsində bloklayıb, eləcə də  müəllif hüquqlarının qorunması Assosiasiyası yaradıb ki,  bura da müəyyən kinoteatr, şirkət, radio, ifaçılar, həmçinin intellektual mülkiyyətini qorumaq istəyən insanlar üzv olurlar.
Təəssüf ki, qanun layihələrinə, dövlətin apardığı mübarizəyə baxmayaraq,  Azərbaycanda müəllif hüquqlarının pozulması hələ də davam etməkdədir. 

Belə ki, Azərbaycanda quldur fəaliyyəti ilə məşğul olan kifayət qədər sayt var. Kinoteatrlarda yayımlanan hər hansı filmi bir həftə sonra bu cür saytlarda aşkar edirik. Təbii olaraq, bu, bir cinayətdir. Lakin saytların çoxunun kökü bilinmədiyinə görə, onları nə cinayət məsuliyyətinə cəlb etmək, nə də cərimələmək mümkündür.

Bu cür kontent oğruları səbəbindən, Azərbaycanın qlobal kino industriyasında etibarı zəifləyir. Düzdür, indiyə qədər bizim kinoteatrlarda nümayiş olunan filmlərin hamısı dünya premyerası ilə eyni gündə yayımlanıb. Lakin bəzən filmi alana kimi müəyyən çətinliklərlə üzləşirik. Filmi aldığımız şirkətlər isə buna səbəb olaraq ölkəmizdə müəllif hüquqlarının hələ də kifayət qədər qorunmamasını gətirirlər, - deyə Darabzadə bildirib. 

Palata danışdı...

Maliyyə Bazarına Nəzarət Palatasının Hüquq və icraat departamentinin direktoru Əfqan Baxışovun sözlərinə əsasən, müəlliflik hüququnun bir çox obyektləri (elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar və fonoqramlar) hazırki texnoloji inkişaf dövründə dünyanın istənilən yerində asanlıqla eyni keyfiyyətdə çoxaldıla bildiyi üçün pozulma hallarına qarşı daha açıqdır. Bu baxımdan qeyd olunan hüququn bütün ölkələrdə qanun səviyyəsində tanınması və qorunması zəruridir. 

“Azərbaycan Respublikasında da müəlliflik hüquqi qanunla tanınan və qorunan şəxsi qeyri-əmlak hüququdur. 

Mülki qanunvericiliyin vəzifələrindən biri də bu hüquqlardan irəli gələn münasibətləri tənzimləməkdir. Mülki Məcəlləyə əsasən bu növ hüquqların pozulması ilə bağlı iddia tələblərinə iddia müddəti belə şamil olunmur. Yəni kimsə bu hüququ pozarsa hüquq sahibi istənilən vaxt, pozuntunun nə vaxt baş verməsindən asılı olmayaraq pozuntunun aradan qaldırılmasını və ona dəyən zərərin ödənilməsini tələb edə bilər. 

“Müəlliflik və əlaqəli hüquqlar haqqında” Qanunda da müəlliflik hüququnun təsbiti və qorunması əsasları yer alır. Əsəri yaradan şəxs onun müəllifi sayılır. Qeyd edilir ki, əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur. Müəlliflik hüququ obyekti olan əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq, əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq, əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək, əsərin nüsxələrini (o cümlədən müəllifin, əsəri kütləvi nümayiş etdirmək, əsəri kütləvi ifa etmək, dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək hüququnu müəllif verə bilər. Müəllifin özünün qonorardan imtina etdiyi hal və qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla əsərdən istifadəyə görə müəllif qonorarı ödənilməlidir”, - deyə Ə.Baxışov bildirib. 

Departament direktoru qeyd edib ki, Qanunla istehsalı (hazırlanması) və ya yayılması müəlliflik hüququnun və ya əlaqəli hüquqların pozulmasına səbəb olan əsər və ya fonoqram nüsxələri pirat nüsxələr sayılır. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.

“Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər:

1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;

2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi;

3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması;

4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi.

Bunlarla yanaşı İnzibati xətalar məcəlləsində də inzibati məsuliyyət müəyyən edilmişdir:

Maddə 185. Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması

Müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu az miqdarda ziyan vurduqda-

pirat nüsxələr, həmçinin pirat nüsxələrin hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

Cinayət Məcəlləsində isə cinayət məsuliyyəti müəyyən edilmişdir:

Maddə 165. Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma

165.1. Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa—
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.

165.2. Eyni əməllər:

165.2.1. təkrar törədildikdə;

165.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə—
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, - deyə Ə.Baxışov bildirib.

İlkin mübarizə

“Big Dream Company” şirkətinin təsisçisi Elvin Abdullayev internet quldurlarla mübarizə aparmaq üçün ilk növbədə sığortalı iş görmək, öncədən müəyyən tədbirlər aparmaq lazımdır.

“Yalnız ayrı-ayrı şəxslərin mübarizəsi, gördüyü tədbirlər çox vaxt qənaətbəxş nəticələr vermir. Ona görə də mütləq dövlət dəstəyi də olmalıdır.

Məshət görərdim ki, filmin ssenarisi yazılan kimi müəllif hüquqlarından keçirilsin, müəllif hüquqları qanuni şəkildə təsdiqlənsin. Daha sonra film hazır olan kimi, artıq film kimi müəllif hüquqları təsdiqlənsin. Belə ki, müəllif hüquqları pozulduğu halda, bu, ən azı məhkəmədə öz hüquqlarını tələb etməyə əsas verəcək.

Məhsulun oğurlanmaması üçün ancaq güvənli adamlarla işləmək, işi peşəkar tutmaq lazımdır. Məsələn, biz filmi yazıb distribütor şirkətə veririk. Şirkət isə onu kinoteatrlara paylayr. Müəllifi olduğumuz filmi DCP formatında  hard diskə yazanda şifrə və tarix qeyd edirik. Həmin tarix keçən kimi hard disk avtomatik şəkildə özü-özünü bloku edir. Nəticədə heç kim onu nə kopyalaya, nə də yayımlaya bilmir”, - deyə E.Abdullayev bildirib.   

Cərimə və Cəza 

Hüquqşünas Qaya Əliyevin sözlərinə əsasən, müəlliflik və əlaqəli hüquqların pozulması Azərbaycan Respublikası qanunvericiliyi ilə həm mülki və maddi hüquqi, həm də cinayət məsuliyyəti yaradır.

“Belə ki, məsələn Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 165.1-ci maddəsinə əsasən Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa, min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.

Xüsusilə qeyd etməyi zəruri hesab edirəm ki, müəlliflik və əlaqəli hüquqların pozulması cinayət qanunvericiliyində insan və vətəndaş hüquq və azadlıqları əleyhinə olan cinayət kimi xarakterizə olunub.

Prosessual qanunvericilikdə müəlliflik və əlaqəli hüquqların pozulmasının ən effektiv üsulu hesab edirəm ki, həmin hüquqların məhkəmə müdafiəsidir.

Belə ki, belə hüquq pozuntularına məruz qalan şəxslər, əgər əməli törədən şəxslərin hərəkətlətində cinayət qanunvericiliyinin istinad etdiyim müddəalarının tərkibi əlamətləri mövcuddursa, bu zaman aidiyyəti üzrə xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilərlər. Bu zaman zərərçəkən şəxs xüsusi ittihamçı qismində çıxış edir və cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirilir.

Yəni bu cinayətlər üzrə ibtidai istintaq və cinayət işinin açılması proseduru nəzərdə tutulmayıb. Zərərçəkən şəxs hüquq-mühafizə orqanlarına yox, birbaşa cinayət təqibi ilə bağlı məhkəməyə müraciət edə bilər.

Eyni zamanda belə hüquq pozuntularına məruz qalan şəxs ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki prosessual qaydada da iddia qaldıra bilər”, - deyə hüquqşünas qeyd edib.

Piratlar,  kazino və oyun saytları...

Ekspertlərin fikrincə, quldur fəaliyyətinin monetizasiyası bilavasitə reklam trafikindən asılıdır. 2017-ci ildə videoquldurların trafikinin ümumi həcmi 12% artıb və bu tendensiya davam etməkdədir. 

Aparılan araşdırmalar göstərir ki, quldur film və seriallarını reklamla təmin edənlər əsasən onlayn kazino və oyun saytlarıdır. Azərbaycanda fəaliyyət göstərən bəzi pirat saytlarla əlaqə yaradaraq, nəyə görə kazino və oyun saytlarının məhz onlarda reklam yerləşdirdiyini öyrənməyə çalışsaq da, səylərimiz nəticə vermədi. Belə ki, enter.az saytı əlaqə nömrələrini gizlətsə də, sosial səhifələri vasitəsilə sorğu yolladıq, lakin cavab ala bilmədik. Video.az saytı isə ünsiyyətə girməkdən imtina etdi. 

Nigar Orucova