Yaponiyanın “Monet” şirkəti (Toyota Motor və SoftBank birgə müəssisəsi) avtonom sistemlərin birgə hazırlanması məqsədilə ölkənin 5 iri (Mazda, Subaru, Suzuki, Isuzu və Daihatsu) avtomobil istehsalçısı ilə birləşib.
İnsider.az xəbər verir ki, əməkdaşlığın məqsədi sürücüsüz avtomobillər üçün texnologiyaların təkmilləşdirilməsi və yeni xidmətlərin hazırlanması olacaq.
“Toyota” artıq növbəti ildə Cənub-Şərqi Asiya bazarı üçün sürücüsüz avtomobilin baza versiyasını ərsəyə gətirməyə hazırlaşır. 2021-ci ilədək ilk avtonom minik avtomobilləri və avtobuslarının Yaponiyada istifadəyə veriləcəyi gözlənilir. Sürücüsüz nəqliyyat vasitələrinin “Toyota” şirkətinin 2018-ci ildə “CES” sərgisində nümayiş etdirdiyi “e-Palette” miniavtobusunun bazasında yaradılacağı ehtimal olunur.
Yaponiyanın nəhəng avtomobil istehsalçılarının birgə fəaliyyəti avtonom avtomobillər üçün həm proqram, həm də aparat təminatının hazırlanması üzərində işi nəzərdə tutur.