yeni-intel-prosessorlari-zererverici-proqram-teminatina-qarsi-daxili-mudafie-texnologiyasina-malik-o

Yeni “Intel” prosessorları zərərverici proqram təminatına qarşı daxili müdafiə texnologiyasına malik olacaq

“Intel” şirkəti tərəfindən təqdim edilmiş yeni texnologiya istifadəçiləri aparat səviyyəsində zərərverici hücumlardan qorumağa kömək edəcək. “Control-Flow Enforcement Technology” (CET) adlı daxili təhlükəsizlik sistemi ilk olaraq bu yayın sonunda satışa çıxarılacaq “Tiger Lake” prosessorlar xəttində istifadə ediləcək.

İnsider.az xəbər verir ki, “CET” texnologiyası çipə inteqrasiya ediləcək. Bu sistem prosessorda bu və ya digər tapşırıqların icra ardıcıllığını müəyyənləşdirən əmrlər axınına nəzarət edir.

Məsələn, “Intel”in yeni mexanizmi “ROP” və “JOP” tipli hücum cəhdlərinin qarşısını ala biləcək. Bu tip hücumları proqram vasitələri ilə aşkar etmək çətindir, çünki cinayətkarlar icra olunan yaddaşdan işə salınan qanuni koddan istifadə edirlər.

Yeni texnoloji həll “Intel” korporasiyasının gələcək masaüstü və server platformalarında tətbiq ediləcək. Çip istehsalçısı, həmçinin “Microsoft” korporasiyası ilə birgə “CET” texnologiyasının “Windows 10” əməliyyat sisteminə inteqrasiyası üzərində işləyir.

ICTnews