Azərbaycan-İran əlaqələri ənənəvi olaraq regionda dostluq və əməkdaşlıq münasibətləri kimi qiymətləndirilib və qarşılıqlı maraqlara söykənən tərəfdaşlığa əsaslanıb. Yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri zamanı Vətən müharibəsində qazandığımız Qələbə münasibətilə səsləndirdiyi təbrikləri də bir daha bu dostluq və tərəfdaşlığın təzahürü kimi qiymətləndirilməlidir.
İnsider.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
H.Babaoğlu diqqətə çatdırıb ki, İranın xarici işlər naziri Azərbaycanın Qələbəsi nəticəsində bölgədə yaranmış yeni geosiyasi və geoiqtisadi reallığı region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı kimi dəyərləndirdi. Beləliklə, Məhəmməd Cavad Zərif, əslində, səfərinin məqsədlərini dilə gətirmiş oldu. “Doğrudan da qonşu ölkənin xarici işlər naziri yeni reallığı yeni başlanğıc kimi qiymətləndirməkdə haqlı idi. Çünki məhz yeni reallıq regionun iqtisadi-siyasi və mədəni–humanitar potensialının tam gerçəkləşdirilməsi üçün perspektivlər açır. Bütün bunlar isə, ilk növbədə, nəqliyyat bağlantılarının bərpasından, yeni nəqliyyat və enerji kommunikasiyalarının yaradılmasından keçir. Hazırda Azərbaycan bu istiqamətdə olduqca sürətli və strateji həmlələr həyata keçirir. Bunlar qısa müddətdə öz bəhrəsini verəcək və bu prosesdə regional inteqrasiyadan kənarda qalmamaq üçün ölkəmizin həyata keçirdiyi layihə və tərəfdaşlıq platformalarına maraq get-gedə artır. Bu isə o deməkdir ki, yeni regional tərəfdaşlıq konfiqurasiyasında yerləri və rolları Azərbaycan təyin edir”, - deyən deputat diqqətə çatdırıb ki, ona görə də İranın xarici işlər naziri məhz bu məsələdən danışarkən Azərbaycan Prezidentinin bildirdiyi 3+3 formatına istinad edərək digər ölkələrə də səfər edəcəyini, dolayısı ilə yeni formatda fəal iştirakçı olmaq niyyətini bildirdi. Ancaq özünəməxsus tərzdə yeni formatı yeni 5+1 platforması kimi təsvir etməklə İranı Azərbaycana daha yaxın gördüyünü diplomatik kombinasiya ilə bildirmiş oldu. Çünki 3+3 tərəfdaşlıq düsturu açılarkən politoloqlar adətən birinci üçlükdə Türkiyə-Azərbaycan-Gürcüstanı, ikinci üçlükdə isə Rusiya-İran–Ermənistanı təsvir edirdilər. Görünür, Zərifin çoxkombinasiyalı 5+1 (İran) formatı təsviri də həm İranın birinci üçlükdə müəyyənləşdirilməsinə passiv etirazı, həm də, əslində, digər 5 ölkə ilə eyni dərəcədə məsafədə olmasına işarəsi idi. Ancaq nəticə etibarilə söhbət yeni altıtərəfli əməkdaşlıq platformasından getdiyi üçün bu platformanı necə kombinə etməyin o qədər də əhəmiyyəti qalmır.
“Məsələyə praqmatik yanaşdıqda aydın olur ki, İran bu əməkdaşlıqda mühüm ölkələrdən biri ola bilər”, - deyən Hikmət Babaoğlu vurğulayıb ki, buna hər şeydən əvvəl İran ilə Azərbaycan arasında siyasi münasibətlərin yüksək səviyyədə olması imkan verir. İkincisi, iki ölkə arasında bu tərəfdaşlığı daha da güclü edə biləcək bir sıra layihələr yeni reallıqlar üçün də yaxşı baza rolunu oynaya bilər. Məsələn, görüşdə adları çəkilən Xudafərin və Qız qalası hidroqovşaqlarının tikintisi, Şimal–Cənub nəqliyyat dəhlizi ilə bağlı görülən işlər, 2021-ci ilin sonunadək bu yolun Azərbaycandan keçən hissəsinin inşasının başa çatdırılması imkanları kimi məsələlər buna əyani sübutdur.