youtube-usaq-kontentini-ayri-tetbiqe-kecirir

“YouTube” uşaq kontentini ayrı tətbiqə keçirir

“YouTube” uşaqları arzuolunmaz kontentdən qorumaq üçün onlara aid olan bütün videoları “YouTube Kids” adlı ayrıca tətbiqə keçirmək barədə düşünür. İnsider.az bu barədə “The Wall Street Journal”-a istinadla xəbər verir.

“YouTube”-un bəzi əməkdaşları israr edir ki, servis parametrlərdə uşaq videoları üçün tövsiyə sistemini də söndürsün. Bu funksiya öncəki çarxın bitməsindən sonra avtomatik olaraq yeni videonu işə salır.

“WSJ”-nin mənbələrinin sözlərinə görə, qaydaların dəyişilməsinə səbəb bir qrup istifadəçinin şikayəti üzrə 2018-ci ildə Federal Ticarət Komissiyasının (FTC) başlatdığı istintaq ola bilər. Onlar iddia edirdilər ki, “Google” “YouTube”-u 13 yaşadək yeniyetmələr barədə valideynlərinin razılığı olmadan verilənlərin yığımı üçün istifadə edir. Həmçinin istifadəçilər iddia edirdilər ki, servis uşaqların təsadüfən görə biləcəyi qəbul edilməz kontenti ehtiva edir.

Videoservis nümayəndəsi bildirib ki, “YouTube” servisin yaxşılaşdırılması üzrə bir çox ideyaları gözdən keçirir, onlardan bəziləri elə ideya olaraq qalır. “FTC”-də isə bu barədə şərh verməkdən imtina ediblər.

Uşaqlar üçün video “YouTube”-un ən populyar bölmələrindən biridir və reklama görə milyonlarla dollar gəlir gətirir. Qeyd edək ki, videoservis “YouTube Kids”-i 2015-ci ildə yaradıb.

Samirə Məmmədova