azerbaycanin-en-boyuk-zavodlarindan-biri-satildi-yeniden-qurulacaq

Azərbaycanın ən böyük zavodlarından biri satıldı – YENİDƏN QURULACAQ

Əmlak Məsələləri Dövlət Komitəsi “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin nəticələrini elan edib.

İnsider.az xəbər verir ki, müsabiqə komissiyası tərəfindən potensial iddiaçılar üçün maliyyə, iqtisadi, investisiya və sosial şərtlər müəyyən edilmişdi.

İştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə baxıldıqdan sonra müsabiqə komissiyası açıq səsvermə yolu ilə  “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibini elan edib.

Müsabiqə şərtlərinə uyğun olaraq, qalib investor dövlət büdcəsinə 4,7 milyon manat məbləğində pul vəsaitinin köçürülməsini və ümumi həcmi 10,2 milyon manat  təşkil edən İnvestisiya Proqramının icrasını öhdəsinə götürüb.

Bununla yanaşı,  müəssisənin 1,9 milyon manat məbləğində DSMF-yə olan borclarının, 115 min manata yaxın əmək haqqı və ona bərabər tutulan borcların ödənilməsini və digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürmüşdür.

Təqdim olunmuş İnvestisiya Proqramına əsasən investor tərəfindən müəssisəyə müasir avadanlıqların və texnologiyaların alınması, poladəritmə sexində yeni sobaların tikilib quraşdırılması, müəssisənin xammal və material ehtiyatının artırılması planlaşdırılır. Eyni zamanda istehsal sahələrinin yerləşdiyi binalarda təmir-bərpa işlərinin görülməsi, elektrik mühərriklərinin təmiri və sarğılanması sexinin qurulması, qum ələnmə sahəsinin tikilməsi və avadanlıqlarla təchiz edilməsi, tikinti materiallarının qəbulu sahəsinin təşkili, əritmə, yığma və dəmirçi sexlərində hava təmizləyicilərinin qurulması, habelə digər işlərin görülməsi nəzərdə tutulur.

Bu işlərin görülməsi üçün investor tərəfindən müəssisəyə bir il ərzində yuxarıda qeyd olunan məbləğdə investisiyaların yatırılması, nəticədə 165 yeni iş yerinin yaradılması, işçilərin sosial təminatının gücləndirilməsi planlaşdırılır.