huawei-abs-sanksiyalarina-gore-illik-menfeet-uzre-proqnozunu-azaldib

“Huawei” ABŞ sanksiyalarına görə illik mənfəət üzrə proqnozunu azaldıb

“Huawei”-in baş direktoru və təsisçisi Ren Jenfey şirkətinin qərargahında çıxışı zamanı bildirib ki, ABŞ hökümətinin addımlarına görə şirkət 2019-2020-ci illərdə proqnozlardan 30 milyard dollar az qazanacaq. İnsider.az bu barədə xəbəri “Bloomberg”-ə istinadla verir.

“Biz ABŞ-ın bizə bu yolla – təkcə komponent təchizatını deyil, həmçinin beynəlxalq təşkilatlarda iştirakımızı bloklayaraq zərbə endirəcəyini gözləmirdik”, – Jenfey bildirib.

Onun sözlərinə görə, çox güman 2019-2020-ci illərdə “Huawei”-in satışları təxminən 100 milyard dollar səviyyəsində olacaq.

“Bloomberg”-in məlumatına əsasən, “Huawei” 2019-cu ildə Çindən kənarda smartfonların satışının 40-60 milyon ədəd azalacağını proqnozlaşdırır. Mənbələrin dediyinə görə, şirkətdə hazırda daxili perspektiv qiymətləndirilməsi aparılır. Bu qiymətləndirmə o cümlədən, yeni “Honor 20” smartfonun satışından asılıdır. Bu model Avropada cari il iyunun 21-i çıxmalıdır.

Mənbələrin “Bloomberg”-ə verdiyi məlumata əsasən, əgər satışlar planlaşdırılandan aşağı olsa, şirkət bəzi Avropa ölkələrinə öz smartfonlarının təchizatını tamamilə dayandırmağa hazırdır.

Qeyd edək ki, onlar hazırda xarici şirkətlərdən asılılığı azaltmaq üçün öz fərdi mikrosxemlərini və mobil əməliyyat sistemini tərtib edir.

Samirə Məmmədova