kreditle-ev-alan-sexs-vefat-etdikde-kreditin-aqibeti-nece-olur

Kreditlə ev alan şəxs vəfat etdikdə kreditin aqibəti necə olur?

Hazırda ölkədə evi bankdan kredit götürməklə və ya ipoteka yolu ilə əldə edənlərin sayı az deyil. Bu kreditlər isə uzunmüddətli perspektivlə verilir. Bəs ev adına götürülən şəxs bu müddətdə vəfat edərsə, evin və kreditin aqibəti necə olur? Bu zaman bank evi geri alır, ya kimsə ödənişi davam etdirə bilər? 

Vəkil Oktay Məhərrəmov İnsider.az-a açıqlamasında bildirdi ki, ipoteka ilə yüklü edilmiş əmlakın mülkiyyətçisi vəfat etdiyi halda, həmin əmlakı (miras aktivi) qəbul etmiş vərəsələr miras passivini, yəni həmin əmlakın alınması üçün verilmiş borc öhdəliyini də icra etməlidirlər: “Qısa desək, borcu ödəmək öhdəliyi vərəsələrə keçir”.

O. Məhərrəmov qeyd etdi ki, bu qəbildən olan kredit münasibətlərində adətən, borclunun həyatı fərdi qəza sığortası ilə təminat alındığından, sığorta şərtlərinə uyğun olaraq, qalan borcun ödənilməsi sığorta şirkəti tərəfindən də həyata keçirilə bilər: “Bu, sığorta müqaviləsinin şərtlərindən və sığorta hadisəsinin olub-olmamasından asılı olacaq”.

Əgər bank evi geri alarsa, indiyə qədər ödənilmiş pulu geri qaytarırmı? Qaytarırsa, həmin vəsait kimə çatmalıdır?

Vəkilin bildirdiyinə görə, əgər mülkiyyətçinin vəfatından sonra bu və ya digər əsaslarla ipoteka ilə təmin edilmiş kredit ödənilmirsə, və ya vərəsələrlə bank arasında əmlakın satışı və borcun ödənilməsi ilə əlaqədar razılıq əldə edilmirsə, onda kreditorun yüklü əmlaka tutma yönəldərək onun hərracda satılmasını tələb etmək hüququ olur. Əmlak satışından əldə edilən vəsait ilə banka olan borc və bankın tutma prosesi ilə əlaqədar xərcləri ödənilir, satış qiyməti borcdan çox olarsa, yerdə qalan vəsait vərəsələrə qaytarılır. 

Hələ ödənişi bitməmiş evin çıxarışının olub-olmamasının bu məsələdə nə kimi fərqi var? 

Hüquqşünas qeyd etdi ki, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatı barədə çıxarışı olmadığı halda, kreditin təminatı kimi ipoteka yüklülüyü rəsmiləşdirilmir: “İpoteka müqaviləsi mütləq şəkildə notarial qaydada bağlanmalı və bu hüquq qeydiyyata alınmalıdır. Çıxarışı olmayan daşınmaz əmlak barədə ipoteka müqaviləsi bu şərtlərə cavab vermirsə, ipoteka münasibətlərinin yaranması şübhə altında qalır”.
Şəfa Tapdıq